Əlirza Firudinbəyli son illərdə Azərbaycanda narkotik ittihamı ilə həbs edilən yüzlərlə dindardan biridir. O, bu ittihamı yalan hesab edir və cibindən çıxdığı deyilən narkotiklərin ona heç bir aidiyyəti olmadığını iddia edir. Onun sözlərinə görə, narkotiki cibinə polislərin özləri atıb, özləri də çıxarıblar.
Əslən Lerik rayonundan olan 30 yaşlı Əlirza Firudinbəyli ailəsi ilə birlikdə paytaxtın Binə kəndində yaşayırdı. O, həbs olunduğu ərəfədə, aprel ayında iş üçün Mingəçevirdə xalası oğlunun yanına gedirmiş.
Cinayət işinin materiallarında qeyd olunur ki, aprelin 9-da axşam saatlarında - saat 9 radələrində Mingəçevir şəhərində polis əməkdaşları onu saxlayaraq polis bölməsinə aparıblar və cibinə baxış keçirən zaman 18 qramdan artıq narkotik vasitə aşkar ediblər.
Əlirza Firudinbəyli deyir ki, bu hadisədən bir qədər əvvəl - mart ayında Mingəçevirdə işlədiyi vaxt ona Bakıdan zəng gəlib. O, Binə kəndində yaşadığı evin divarına “Ya Allah” yazdığına görə Xəzər rayon 3-cü polis bölməsinə çağırılıb. Deyir ki, gedib-gəlib və ondan sonra evin üstündəki həmin yazını silib. Amma bundan sonra onu yenidən polis bölməsinə çağırıblar: “Bu dəfə mənə tanış olmayan polislər dinlə bağlı suallar verdilər, sonra buraxdılar...”
Əlirza Firudinbəyli təkcə məhkəmədə deyil, istintaqa verdiyi ifadəsində də narkotikin ona məxsus olmadığını bildirib.
Əlirza Firudinbəylinin təqsirləndirildiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub. Prokuror onun 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Bilal Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası onu 6 il müddətinə azadlıqdan məhrum edib ki, bu da prokurorun təklifindən də ağırdır.
"Müdafiə Xətti" insan haqları təşkilatının məlumatına görə, 2023-cü ildə Azərbaycanda yüzlərlə dindar narkotik saxlamaq ittihamı ilə həbs edilib. Onların əksəriyyəti hazırda istintaq altındadır. Həbs olunanlar narkotik ittihamının yalan olduğunu və onlara böhtan atıldığını deyirlər.
Rəsul Ə.
Comments
Post a Comment