Fevralın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsi il yarımdır ki, həbsdə olan “Xural TV” rəhbəri Əvəz Zeynallını 9 il müddətinə azadlıqdan məhrum edib. Ə.Zeynallı ilə birgə mühakimə olunan “Seda TV” internet kanalının idarəedicisi Elnur Şükürov da, 4 il müddətinə azadlıqdan məhrum edilib.
E.Şükürov fevralın 23-də son sözünü deyib və bildirib ki, Ə.Zeynallının əleyhinə ifadə verməkdən imtina etdiyi üçün cəzalandırılıb. Onlar rüşvətxorluq, məmurun qərarına qanunsuz təsir göstərmək kimi əməllərdə təqsirli sayılsalar da, heç biri özünü təqsirli bilmir.
Xatırladım ki, Ə.Zeynallı 2022-ci il sentyabrın 9-da həbs edilib. Ona qarşı ilk ittiham “Baku Steel Company” MMC polad zavodunun keçmiş rəhbəri, hazırda həbsdə olan Rasim Məmmədovun həyat yoldaşından 20 min manat alması ilə bağlı olub. Daha sonra yeni ittihamlar səsləndirilib. Ə.Zeynallı özünü təqsirli bilmir, onu susdurmaq üçün siyasi sifarişlə həbs olunduğunu deyir. E.Şükürov 2022-ci il sentyabrın 13-dən istintaq təcridxanasındadır.
“Xural TV” rəhbəri hökmdən əvvəl son sözündə “bu iş üzrə 38 şahiddən 31-ni tanımıram...” dedi.
Əvəz Zeynallı əlavə edib ki, əgər məhkəmədə bir faizdə olsa ədalət varsa, onlara bəraət verilməlidir. Ə.Zeynallı deyir ki, bu işdə tanımadığı şəxslər şahid qismində cəlb olunub və onlar onun əleyhinə ifadə verməyə məcbur ediliblər:
"Mən bu iş üzrə 38 şahiddən 31-ni tanımıram. Nə mən onları tanıyıram, nə də onlar məni. Məni tanımayan şəxs necə mənim əleyhimə şahidlik edə bilər? Şahidlərdən ikisi icra başçısıdır, vəzifəli şəxslərdir. Təbii ki, onları tanımalıyam. Məni qərarlarına təsir etməkdə ittiham etdilər. Həqiqətən bu qədər absurd bir şey ola bilərmi?"
Ə.Zeynallının işi üzrə şahid qismində Bakının Suraxanı və Sabunçu rayonlarının icra başçıları Əziz Əzizov və Adil Vəliyev dindirilib.
“Xural TV” rəhbəri vurğulayıb ki, onlara qarşı irəli sürülən ittihamları təsdiq edəcək etibarlı sübut yoxdur. Bununla bağlı cinayət işinə xitam verilməli və bəraət hökmü çıxarılmalıdır. O, son sözündə vicdan məhbusu olduğunu vurğulayıb.
Bir sözlə, fevralın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində qanunlar tapdalanıb... Aydındır ki, Əvəz bəy sifarişlə həbs olunub. Və bu rejim öz qanunsuz əməlləri ilə insanların həyatını məhv etməkdə davam edir. İstədiklərini şərləyib həbs edə bilərlər. Bu kimi halların qarşısı alınmalıdır. Əks halda ölkədə heç bir nəfərdə olsa azadlıqda siyasi fəal, aktivist, müxalifətçi qalmayacaq.
Rəsul Ə.
Comments
Post a Comment