Skip to main content

İlham Əliyev daha bir neqativ rekorda imza atdı

Ölkənin son müstəqil internet televiziyası olan Toplum TV qapıları möhürlənməklə, zorakılıqla qapadıldı. Martın 6-da Toplum TV-nin ofisində axtarış aparılıb, ofis möhürlənib, 20-yə yaxın əməkdaş saxlanılıb, əksəriyyəti sonradan sərbəst buraxılıb. Bu müstəqil internet televiziya kanalının üç əməkdaşı, həmçinin Demokratik Təşəbbüslər İnstitutunun dörd fəalı qaçaqmalçılıqda şübhəli bilinir, lakin onlar ittihamları rədd edirlər. 

Xətai Rayon Məhkəməsi ToplumTV-nin əməkdaşları Fərid İsmayılov və Elmir Abbasovla bağlı bir qədər fərqli qərar verib. Onlar polis nəzarətinə buraxılıblar. Onlar həmçinin qaçaqmalçılıqda ittiham olunurlar. Məhkəmədən sonra Fərid İsmayılov bildirib ki, son bir neçə ay ərzində 4 dəfə əməliyyat olunub. Onlar da ittihamı qəbul etmirlər. 

Dünən həbs olunanlardan biri də cəmisi 3 ay öncə elan olunmuş 3-cü Respublika platformasının spikeri vəkil Akif Qurbanovdur. Bu fakt onu göstərir ki, rejim ictimai-siyasi fəaliyyətləri, eləcə də media azadlığını qadağan etmək niyyətindədir. Toplum TV-yə qarşı “xüsusi əməliyyat”dan dərhal sonra təhlükəsizlik qüvvələri Toplum TV-nin YouTube kanalını ələ keçirib, oradakı bütün videoları və nəhayət, kanalın özünü silib. Təkcə bu son fakt bütün dünyaya sübut edir ki, “xüsusi əməliyyat” ölkədə mətbuat azadlığının, azad fikrin son əlamətlərini məhv etmək məqsədi ilə həyata keçirilib. 

Toplum TV-nin əməkdaşı İlkin Əmrahov 4 ay müddətinə azadlıqdan məhrum edilib. Ümumiyyətlə, Toplum TV əməkdaşları zorakılığa məruz qalıb. 

Bu illər ərzində Azərbaycanda ictimai və siyasi fəallar narkotik ittihamı ilə üzləşiblər. Son bir neçə ayda baş verən həbslər dalğası qaçaqmalçılıq ittihamlarına səbəb olub. "Polislər özləri ilə gətirdikləri valyutanı saxlanılan şəxsin evinə atır, sonra isə "tapırlar”. 

Martın 8-də isə tanınmış hüquqşünas Ələsgər Məmmədli və III Respublika Platformasının qurucu idarə heyəti üzvü Ruslan İzzətli həbs olunub. Bir neçə ildir davam edən bu repressiyalar son bir ildə yenidən güclənib. 2023-cü ilin sonunda Absas Media-ya, indi isə ToplumTV-yə edilən inzibati basqın məhz buna xidmət edir. Bu media qurumlarının hər ikisi öz fəaliyyətlərini ölkə daxilində qurublar və onların fəaliyyət qabiliyyətindən məhrum edilməsi ölkədə söz azadlığını boğmaqdan başqa bir şey deyil.

İlham Əliyev rejimi bütün beynəlxalq çağırışlara və yerli müqavimət hərəkatlarına baxmayaraq, sərt avtoritarizmdən totalitarizmə keçid yoluna qədəm qoyub. Onu bu yolda ruhlandıran hazırda işğalçı Rusiyanın dünya demokratiyasına qarşı savaş açması və avtoritar rejimləri öz himayəsinə almasıdır.

İlham Əliyev ölkəmizi Rusiyanın peykinə çevirmək siyasətində israrlıdır. Ölkəmiz hər gün dünyanın demokratik hissəsindən getdikcə daha da uzaqlaşır, avtoritar Rusiyanın kölgəsində gizlənir. Xalqımız dərk etməlidir ki, indi cəmiyyətimizin susdurulması istiqamətində çox mühüm mərhələ baş verir. Bir millət olaraq biz böyük sınaq dövründə yaşayırıq. 

Gözümüzün qabağında çox təsirli bir hekayə yazılır. Repressiya qurbanlarına və siyasi məhbuslara azadlıq!

Rəsul Ə.








Comments

Popular posts from this blog

Demokratiya

Azərbaycan indi demokratiya baxımından qonşularından geri qalır. Biz ancaq İranla mübahisə edə bilərik, qalanları irəlidədir. Bu bir faktdır, burada demək olmaz ki, indiki mərhələdə şərait bu cür inkişaf edib və bütün vətəndaşlarımız bunda müxtəlif dərəcədə, ictimai-siyasi əhəmiyyəti ölçüsündə günahkardır.  Rəsul Ə.

Siyasi Məhbusların Yenilənmiş Siyahısı

 Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq ölkədə siyasi məhbusların yenilənmiş siyahısını açıqlayıb. Bu dəfə siyahıya 357 nəfərin adı daxil edilib ki, bu da 2024-cü il dekabrın 12-də təqdim olunan əvvəlki siyahı ilə müqayisədə 26 nəfər çoxdur. Siyahıya jurnalistlər Fərid İsmayılov, Şəmşad Ağa, Şahnaz Bəylərqızı, eləcə də İmişlidəki iğtişaşlar zamanı həbs edilən 13 nəfər və digər şəxslər daxildir. Yeni siyahı ümumilikdə 12 kateqoriyadan ibarətdir: Jurnalistlər və blogerlər – 27 nəfər Hüquq müdafiəçiləri – 4 nəfər Müxalifət partiyalarının və vətəndaş cəmiyyətinin üzvləri – 32 nəfər Milli azlıqların fəalları – 4 nəfər Müharibə əleyhinə fəallar – 2 nəfər “Söyüdlü kəndinin işi” üzrə – 2 nəfər Almaniyadan deportasiya olunmuş siyasi mühacirlər – 5 nəfər Dindarlar – 235 nəfər “Tərtər işi” üzrə məhkumlar – 8 nəfər “Gəncə işi” üzrə məhkumlar – 13 nəfər Ömürlük həbs cəzası almış şəxslər – 11 nəfər “İmişli işi” üzrə həbs olunanlar – 13 nəfər Rəsul Ə.
  Müasir Azərbaycanın bütün faciəsi onun sovet modelinə uyğun qurulmasındadır. Ölkədəki “demokratik hökumət”in bütün bəzəkləri Madam Tüsso Londondakı mum fiqurlara bənzəyir: onlar orijinalın dəqiq surətləridir, lakin istisnasız olaraq hamısı susur. Eyni şey Azərbaycan dövlətində formal olaraq mövcud olan bütün “demokratik” hakimiyyət institutlarında da baş verir. Rəsul Ə.