Skip to main content

Tofiq Yaqublu artıq 37 gündür ki, aclıq aksiyasındadır

65 yaşlı Tofiq Yaqublu artıq 37 gündür ki, aclıq aksiyasındadır. İlham Əliyev isə ona qarşı sərgilədiyi qərəzli mövqedə israrlı davranmağa davam edir. Bakı Apellyasiya Məhkəməsi artıq onun verdiyi apellyasiya şikayətinə ilkin baxışı həyata keçirib. Halbuki bu məhkəmə, Tofiq bəyi ev dustaqlığına buraxmaqla onun bir mülki xəstəxanada müalicəsini təmin edə bilərdi. Lakin bu baş vermədi – aclığın 36-cı günündə olan bir insanı evə buraxmaq əvəzinə, onu həbsdə saxladılar.


Qızı Nigar Həzi bu qərarı belə qiymətləndirir: “Bu, Tofiq Yaqublunun ölümünə fərman verildiyini göstərir”. "Mən nə edə bilərəm ki?" deyərək kənara çəkilmək vicdana sığmaz. Ölümün ayaq səslərini duyduğunu bildirən Tofiq Yaqublu, hər gün ölüm xəbərini alma ehtimalı ilə üz-üzədir. O, bu ölkənin və xalqın haqq-ədalət uğrunda mübarizəsinə rəhbərlik edən simalardan biridir. Heç bir cinayət törətmədiyi halda ölümlə üzbəüz saxlanılması isə, Əliyev rejiminin xalqın iradəsinə və hüquq normalarına qarşı olan münasibətini açıq şəkildə göstərir.


Bu rejim yalnız onu həbsdə saxlamaqla kifayətlənmir – eyni zamanda, Yaqublunu inandığı və güvəndiyi həkimlərdən də uzaq salaraq onun sağlamlıq durumunu daha da ağırlaşdırır. Artıq Tofiq bəy müstəqil hərəkət edə bilmir, danışmaqda çətinlik çəkir, su içmək belə mümkün deyil.


Mayın 7-də vəkil Fəxrəddin Mehdiyev Ədliyyə Nazirliyinin müalicə müəssisəsində onunla görüşdü və vəziyyəti belə təsvir etdi:

“Tofiq Yaqublu artıq su da qəbul edə bilmir. Deməsinə görə, içdiyi suyu qaytarır. Özü, demək olar, hərəkət edə bilmir. Danışığı ləngiyib. Gözlərində zəiflik var. Mədə ağrılarından çox şikayət edir. Baş gicəllənmələrindən şikayət edir. Çəkisində sürətli itki var, 76 kiloqram 200 qrama düşüb” (aclığa başladığında çəkisi 95.6 kq idi).


Vəkil F.Mehdiyev bildirir ki, vəziyyət olduqca kritikdir və təcili tibbi müdaxilə zəruridir:

“Yaxşı olardı ki, həkim Adil Qeybulla yenə ona baş çəksin. Mən vəziyyətin ağırlığına görə ondan xahiş etdim ki, aclıq aksiyasını dayandırsın, amma qəti şəkildə bildirdi ki, aclığı davam etdirəcək... Ağır təəssüratlardır, mənimlə vidalaşanda dedi ki, 'ölümün səslərini eşidirəm'...”


Əliyev hakimiyyəti Tofiq Yaqublunun həyatının məsuliyyətini dərk etməli və onu dərhal azad etməlidir.

Rəsul Ə.



Comments

Popular posts from this blog

Demokratiya

Azərbaycan indi demokratiya baxımından qonşularından geri qalır. Biz ancaq İranla mübahisə edə bilərik, qalanları irəlidədir. Bu bir faktdır, burada demək olmaz ki, indiki mərhələdə şərait bu cür inkişaf edib və bütün vətəndaşlarımız bunda müxtəlif dərəcədə, ictimai-siyasi əhəmiyyəti ölçüsündə günahkardır.  Rəsul Ə.

Siyasi Məhbusların Yenilənmiş Siyahısı

 Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq ölkədə siyasi məhbusların yenilənmiş siyahısını açıqlayıb. Bu dəfə siyahıya 357 nəfərin adı daxil edilib ki, bu da 2024-cü il dekabrın 12-də təqdim olunan əvvəlki siyahı ilə müqayisədə 26 nəfər çoxdur. Siyahıya jurnalistlər Fərid İsmayılov, Şəmşad Ağa, Şahnaz Bəylərqızı, eləcə də İmişlidəki iğtişaşlar zamanı həbs edilən 13 nəfər və digər şəxslər daxildir. Yeni siyahı ümumilikdə 12 kateqoriyadan ibarətdir: Jurnalistlər və blogerlər – 27 nəfər Hüquq müdafiəçiləri – 4 nəfər Müxalifət partiyalarının və vətəndaş cəmiyyətinin üzvləri – 32 nəfər Milli azlıqların fəalları – 4 nəfər Müharibə əleyhinə fəallar – 2 nəfər “Söyüdlü kəndinin işi” üzrə – 2 nəfər Almaniyadan deportasiya olunmuş siyasi mühacirlər – 5 nəfər Dindarlar – 235 nəfər “Tərtər işi” üzrə məhkumlar – 8 nəfər “Gəncə işi” üzrə məhkumlar – 13 nəfər Ömürlük həbs cəzası almış şəxslər – 11 nəfər “İmişli işi” üzrə həbs olunanlar – 13 nəfər Rəsul Ə.
  Müasir Azərbaycanın bütün faciəsi onun sovet modelinə uyğun qurulmasındadır. Ölkədəki “demokratik hökumət”in bütün bəzəkləri Madam Tüsso Londondakı mum fiqurlara bənzəyir: onlar orijinalın dəqiq surətləridir, lakin istisnasız olaraq hamısı susur. Eyni şey Azərbaycan dövlətində formal olaraq mövcud olan bütün “demokratik” hakimiyyət institutlarında da baş verir. Rəsul Ə.