Azərbaycanda hər il İlham Əliyev rejiminin kirli simasını ifşa edən, ölkədəki qanunsuzluqları, korrupsiyanı və ədalətsizliyi işıqlandıran günahsız jurnalistlər həbs olunur. Onlara qarşı saxta ittihamlar irəli sürülür, polis bölmələrində işgəncələr verilir, yalnız düz söz dediklərinə görə azadlıqlarından məhrum edilirlər.
Bu gün “Abzas Media işi” üzrə məhkəmə prosesi tamamlanıb və jurnalistlərə ağır həbs cəzaları verilib. Bu, təkcə jurnalistlərə qarşı deyil — söz azadlığına, həqiqətə və cəmiyyətin informasiya hüququna qarşı hücumdur!
Hakimiyyət təkcə jurnalistləri deyil, onların ailələrini də təzyiq hədəfinə çevirib. “Abzas Media”nın direktoru Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyevanın ölkədən çıxışına qadağa qoyulub. Niyə? Nə cinayət törədib? Dövlətin rüşvət və zorakılıqla dolu iç üzünü dünyaya göstərdiyinə görəmi?
Rübabə Quliyeva Václav Havel İnsan Haqları Mükafatının finalçılarından biri kimi Strasburqa yola düşərkən, hava limanında ona Daxili İşlər Nazirliyinin ölkədən çıxış yasağı olduğu bildirilib. Heç bir izah, heç bir səbəb göstərilməyib. Üstəlik, ailənin bank hesablarına da həbs qoyulub.
Bu, sadəcə repressiya deyil — bu, rejimin həqiqətdən qorxusunun etirafıdır. Azərbaycanda yaltaq olmayan, rejimin saxta təbliğatını təkrarlamayan, əksinə, xalqın səsini dünyaya çatdıran jurnalistlərə qarşı müharibə aparılır.
Biz susmayacağıq!
Biz həqiqəti yazan jurnalistlərə azadlıq tələb edirik!
Biz düz söz dediyinə görə cəzalandırılan bütün media nümayəndələrinə və onların ailələrinə ədalət və azadlıq istəyirik!
Comments
Post a Comment