Azərbaycanda ədalətsizliyin sonu görünmür — qanun yox, qərəz hökm sürür. Bir daha sübut olunur ki, bu ölkədə haqq səsini qaldıran hər kəs susdurulmaqla, təcridlə cəzalandırılır. Son hadisə də bunun bariz nümunəsidir: Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Kənan Zeynalovun məhkəmə prosesi nəhayət başlayıb. O, artıq yeddi aydır ki, həbsdə saxlanılır — həm də tam təcrid şəraitində.
Kənan bəyin vəziyyəti təkcə siyasi deyil, həm də insani faciədir. Onu ailəsindən, həyatından, hətta telefonla danışmaq hüququndan belə məhrum ediblər. Rejim, elə bil, onu unudulmağa məhkum etmək istəyir. Halbuki bu ölkədə ağır cinayət törədənlərin, rüşvət və qətllərlə ad çıxarmış şəxslərin belə bu qədər sərt təcridə məruz qaldığına rast gəlmək mümkün deyil.
Kənan Zeynalov təsadüfi biri deyil — o, Birinci Qarabağ müharibəsinin iştirakçısı, döyüşlərdə ağır yaralanmış bir qazidir. Dövlətinə, xalqına xidmət etmiş bir insanı bu cür münasibətlə “cəzalandırmaq” təkcə ədalətsizlik deyil, həm də milli vicdanın alçaldılmasıdır.
Ona qarşı irəli sürülən ittihamlar siyasi xarakter daşıyır, məqsəd isə aydındır — haqsızlığa qarşı çıxan səsi susdurmaq. Hakimiyyət üçün ən təhlükəli olan şey, məhz ədalət tələb edən və qorxmayan insanlardır. Kənan bəyin “günahı” da budur — xalqının haqqını istəmək, reallıqları dilə gətirmək.
Bu gün Azərbaycanda ədalət istəyən hər kəs potensial “təhlükə” kimi damğalanır. Demokratiya tələb edənlər düşmən, azad söz isə təhdid hesab olunur. Ancaq bir həqiqət dəyişməz qalır: azadlıq heç vaxt əbədi boğula bilməz.
Başda Kənan Zeynalov olmaqla bütün siyasi məhbuslara azadlıq tələb etmək təkcə siyasi mövqe deyil — bu, ədalətin, vicdanın və insanlıq anlayışının tələbidir.
Rəsul Ə.

Comments
Post a Comment