Skip to main content

Xalqın səbrindən büdcə yaradan sistem

Azərbaycanda illərdir formalaşan korrupsiya sistemi elə bir səviyyəyə çatıb ki, artıq dövlət büdcəsi bir qrup məmurun şəxsi qazanc mənbəyinə çevrilib. Xalqın alın tərindən yığılan, ölkənin təbii sərvətlərindən əldə olunan gəlirlər ədalətli şəkildə bölüşdürülmək əvəzinə, korrupsioner şəbəkələrin ciblərinə axıdılır. Dövlətin büdcəsi boşaldıqca, hökumət bu boşluğu xalqın cibindən çıxarmağa çalışır – ərzaq məhsullarının, rüsumların və vergilərin artımı bunun ən açıq göstəricisidir.

Son dövrlərin “ənənəsi” halına gələn bir mənzərə var: vəzifəli şəxslərin ittiham olunduğu korrupsiya işləri və onların sonu görünməyən əmlak siyahıları. Hökumətə yaxın media bu siyahıları yayımlayır, amma məqsəd şəffaflıq yox, ictimaiyyəti “şou” ilə aldatmaqdır. Bu siyahılara baxdıqda, orta səviyyəli məmurun belə milyonlarla manatlıq sərvətə sahib olduğu görünür. Ən kiçik vəzifə sahiblərinin belə on milyonlarla ölçülən əmlakı var. Bu, nəinki ədalətsizliyin, həm də dövlət sisteminin çürüməsinin göstəricisidir.

Bu qədər sərvətin yığıldığı ölkədə xalqın kasıblıq içində yaşaması ironiyadan da acı reallıqdır. Ölkə kağız üzərində “zəngin”, xalq isə gündəlik çörəyini tapmaqda çətinlik çəkir. Bütün bu milyardlar əslində xalqın haqqıdır — amma illərlə davam edən talan nəticəsində həmin sərvətlər azsaylı oliqarxların nəzarətinə keçib. O qədər sistemli şəkildə oğurluq edilib ki, ölkənin ehtiyatları artıq tükənmək üzrədir.

İndi isə hökumət büdcədə yaranan boşluğu doldurmaq üçün xalqdan “səbir” və “dözümlülük” istəyir. Hər gün bahalaşan nəqliyyat, ərzaq, xidmət haqları, artan cərimə və vergilər bu “səbir”in hesabına həyata keçirilir. İndi yeni plan da bəllidir — gələn ildən vergi güzəştləri aradan qaldırılacaq, fiziki şəxslərdən əlavə gəlir vergisi yığılacaq. Qiymətlər qalxacaq, kirayə evlər bahalaşacaq, tibbi sığorta üçün ayrılan vəsait azalacaq. Rəsmi işi olmayanlar isə sığortasız qalacaqlar — yəni sosial müdafiəsiz bir təbəqə daha da böyüyəcək.

Əliyevlər hakimiyyətinin illərlə davam etdirdiyi siyasət, dövlət aparatını şəxsi sərvət toplama mexanizminə çevirib. Bu sistemin mahiyyəti dəyişmir: xalqdan alınanla sarayların, villaların, ofşor hesablardakı milyardların sayı artır. Hökumət xalqın səbirinə arxalanır — “bu millət dözür, yenə dözər” düşüncəsi ilə.

Amma həqiqət dəyişmir: Azərbaycanın bugünkü vəziyyəti – korrupsiyanın dövlət idarəçiliyinə çevrildiyi, ədalətin isə yalnız təbliğatda mövcud olduğu bir reallıqdır. Bu reallıqla barışmaq xalqın deyil, xalqı bu vəziyyətə salanların məsuliyyətidir.

Rəsul Ə.



Comments

Popular posts from this blog

Demokratiya

Azərbaycan indi demokratiya baxımından qonşularından geri qalır. Biz ancaq İranla mübahisə edə bilərik, qalanları irəlidədir. Bu bir faktdır, burada demək olmaz ki, indiki mərhələdə şərait bu cür inkişaf edib və bütün vətəndaşlarımız bunda müxtəlif dərəcədə, ictimai-siyasi əhəmiyyəti ölçüsündə günahkardır.  Rəsul Ə.

Rejim Ülvi Həsənlidən qisas alır

Hamımızın gözü qarşısında, rejim açıq-aşkar Ülvi Həsənlidən qisas alır. Onu qanunsuz şəkildə Bakıdan xeyli uzaqda yerləşən, 3 yaşlı övladı ilə görüşmək imkanını əlindən alan Umbakı istintaq təcridxanasına köçürməklə faktiki olaraq ailəsindən təcrid ediblər. Bu, təkcə bir insanın hüquqlarının pozulması deyil — bu, ölkədə hökm sürən avtoritar idarəetmənin bütün çılpaqlığı ilə üzə çıxmasıdır. Ülvi bəy də bu ədalətsizliyə etiraz olaraq 21 gündür ki, aclıq aksiyası keçirir. Amma onu Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirmək əvəzinə, fiziki olaraq onsuz da zəiflədiyi halda, cəzalandırıcı məqsədlə karsa salıblar. 40 dərəcə istidə, havalandırması olmayan, tibbi yardım və müayinədən məhrum bir kamerada saxlamaq — bu, sadəcə insanlığa qarşı rəftardır. Dövlət hakimiyyətini ələ keçirmiş qrup Ülvi Həsənlidən yalnız təsisçisi olduğu Abzas Medianın rejimin korrupsiya cinayətlərini üzə çıxardığı üçün deyil, həm də həbsdə olduğu halda belə Penitensiar Xidmətin işgəncə sistemini cəsarətlə...

Siyasi Məhbusların Yenilənmiş Siyahısı

 Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq ölkədə siyasi məhbusların yenilənmiş siyahısını açıqlayıb. Bu dəfə siyahıya 357 nəfərin adı daxil edilib ki, bu da 2024-cü il dekabrın 12-də təqdim olunan əvvəlki siyahı ilə müqayisədə 26 nəfər çoxdur. Siyahıya jurnalistlər Fərid İsmayılov, Şəmşad Ağa, Şahnaz Bəylərqızı, eləcə də İmişlidəki iğtişaşlar zamanı həbs edilən 13 nəfər və digər şəxslər daxildir. Yeni siyahı ümumilikdə 12 kateqoriyadan ibarətdir: Jurnalistlər və blogerlər – 27 nəfər Hüquq müdafiəçiləri – 4 nəfər Müxalifət partiyalarının və vətəndaş cəmiyyətinin üzvləri – 32 nəfər Milli azlıqların fəalları – 4 nəfər Müharibə əleyhinə fəallar – 2 nəfər “Söyüdlü kəndinin işi” üzrə – 2 nəfər Almaniyadan deportasiya olunmuş siyasi mühacirlər – 5 nəfər Dindarlar – 235 nəfər “Tərtər işi” üzrə məhkumlar – 8 nəfər “Gəncə işi” üzrə məhkumlar – 13 nəfər Ömürlük həbs cəzası almış şəxslər – 11 nəfər “İmişli işi” üzrə həbs olunanlar – 13 nəfər Rəsul Ə.